CƏMİYYƏT
Sabah bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 22-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-27° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacaq.