Sabah əksər bölgələrdə hava əsasən yağmursuz keçəcək
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəzlənəcəyi və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18°, gündüz 1-6° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 1-6° şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 1-6° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 12-17°, yüksək dağlıq ərazilərdə 22-27°, gündüz 7-12° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 2-7° isti olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.