“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsinə başlanılır
Bakı, 4 iyun, AZƏRTAC
“SABAH” qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin birinci mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə 1.712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1.645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib.
“SABAH” qruplarına növbəti tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi iyunun 10-da keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqələrini iyunun 6-dan etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetə daxil olaraq yükləyə və çap edə bilərlər. İmtahana gələn zaman tələbələr buraxılış vərəqəsini və şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.
Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərir, 45 ixtisas üzrə 2.300-dən çox tələbəni əhatə edir.
2016-2017-ci tədris ili üzrə “SABAH” qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.