“SABAH” qrupunun tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin “SABAH” qrupunun fizika və biologiya fakültəsinin III və IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda təcrübə keçirlər.
Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda elmi-tədqiqat işlərinin sərbəst şəkildə yerinə yetirilməsi vərdişlərinin formalaşdırılmasıdır.
Təcrübə dövründə ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi Ruhiyyə Quliyeva tələbələri institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi barədə məlumatlandırır, onlara mühazirələr keçir və apardığı elmi təcrübələri əyani nümayiş etdirir.