“Sabah”ın idman direktoru: Təhlükəli rəqiblərlə də mübarizə apara bildiyimizi göstərdik
Bakı, 23 noyabr, AZƏRTAC
“Uzunmüddətli fasilədən sonra Azərbaycan klubu avrokuboklarda ilk çıxışını etdi. Keyfiyyət və güc baxımından üstün olan rəqiblərlə üz-üzə gəldik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov komandanın FIBA Avropa Kubokunun müntəzəm mövsümündəki çıxışını dəyərləndirərkən deyib.
Funksioner bildirib ki, yer aldıqları D qrupunda ən dominant klub Türkiyə “Bağçaşehir”i olub: “Bununla yanaşı, Çexiya təmsilçisi “Nimburk” da kifayət qədər iddialı və keyfiyyətli oyunçulardan təşkil olunub. Amma biz təhlükəli rəqiblərlə də mübarizə apara bildiyimizi göstərdik. Evdəki oyunda “Mornar” üzərində tarixi qələbə qazandıq. Avrokuboklarda ardıcıl və davamlı iştirak komandamızın daha da güclənməsinə və təcrübə əldə etməsinə gətirib çıxarır”.
O, “Sabah”ın Azərbaycan Basketbol Liqasındakı çıxışından da söz açıb: “Üç görüş keçirmişik və hər birində qələbə qazanmışıq. “Xırdalan” ilə oyunda məşqçimiz gənc basketbolçulara da şans verdi. Yerli oyunçularımızı da ön plana çıxarmaq istəyirik. Düşünürəm ki, komanda avrokuboklarda Endar Poladxanlı və Şirzad Şirzadovdan daha çox istifadə etməlidir. Bütün oyunçularımız özlərini sınamalı və yeni təcrübə qazanmalıdırlar. Bu məqsədlə artıq oyunlarda aktiv iştirak edirlər. Rüstəm Əliyev, Fuad Niftəliyev və Əlikamran Məmmədov özlərini daha çox göstərirlər. Hesab edirəm ki, onların hər biri komandada öz yerlərini tapacaqlar”.
İdman direktoru ölkə çempionatında “Neftçi”yə qarşı keçirəcəkləri görüşdən də qələbə gözlədiyini vurğulayıb: “Avrokuboklarda əldə etdiyimiz uğurlu nəticələr komandamız üçün əlavə motivasiya oldu. Biz də bu üstünlüyü qorumağa və bundan istifadə etməyə çalışacağıq. Heç bir rəqibi zəif hesab etmirik. Aydın məsələdir ki, çempionatdakı komandalar getdikcə güclənir, təcrübələrini günü-gündən artırırlar. Biz də qarşımıza məqsəd qoymuşuq ki, belə güclü rəqiblərlə sona kimi mübarizə aparaq”.
Qeyd edək ki, FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirdiyi 6 oyundan yalnız birində qələbə qazanan “Sabah” qrupu 7 xalla üçüncü pillədə başa vurub.