Sabirabadda “Mənim Azərbaycanım” adlı rəsm sərgisi açılıb
Sabirabad, 28 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində şagirdlərin iştirakı ilə 28 May - Respublika Günü münasibətilə müxtəlif rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Mərkəzdə fəaliyyət göstərən “Rəsm” dərnəyi üzvlərinin rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olub. Sərgidə 10-dan çox rəsm əsəri nümayiş etdirilib.
Tədbiri açan Mərkəzdə fəaliyyət göstərən “Rəsm” dərnəyinin rəhbəri Fərhad Əsgərov 28 May - Respublika Gününün tarixi və mərkəzdə fəaliyyət göstərən kurslar, dərnəklər haqqında ətraflı məlumat verib. Bildirib ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində mütəmadi olaraq kurs üzvləri ilə birlikdə keçirilən müxtəlif səpkili tədbirlər, sərgilər, film nümayişləri, maarifləndirici söhbətlər onların vətənpərvər gənclər kimi yetişməsinə böyük şərait yaradıb.
Respublika Günü münasibətilə keçirilən bu tədbirin gənclərin vətənpərvər ruhda yetişməsi və qabiliyyətli gənclərin üzə çıxarılması baxımından gözəl addım olduğu vurğulanıb.