Sabirabadda onlayn konsert təqdim edilib
Sabirabad, 29 may, Aydın Yavərzadə, AZƏRTAC
Xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 28 May - Respublika Günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzinin və Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə onlayn konsert proqramı keçirilib. Quruluşçu rejissor Nicat Əliyevin hazırladığı tədbir proqramı Mədəniyyət Mərkəzinin feysbuk sosial şəbəkəsi vasitəsilə canlı yayımlanıb. Tədbirdə Azərbaycana, vətənimizə, ana yurdumuza həsr olunmuş şeirlər səslənib. Uşaq Musiqi Məktəbinin “Kür-Araz” instrumental ansamblının rəhbəri Əlabbas Paşayevin müşayiəti ilə dövlətçiliyi, vətənpərvərliyi əks etdirən mahnılar səslənib. Əhmədabad kənd Folklor evinin “Axısxa Halay- Türk” folklor kollektivi və “Kristal” rəqs qrupu rəqslər təqdim edib.