REGİONLAR
Şabranda karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb VİDEO
Şabran, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin(RPŞ) və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılanların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.
Həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.