Şabranın Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Şabran rayonunun Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Sincanboyad kəndində açılış mərasimi keçirilib.
Tədbirdə ADSEA sədrinin müavini İlqar Gülməmmədov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin Avrasiya və Orta Şərqdə İctimai əlaqələr, kommunikasiya və davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev, “Eco Hub” MMC-nin, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Layihə çərçivəsində uzunluğu 6 kilometr olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətli istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub.
Qeyd edək ki, Sincanboyad kəndinin əhalisi 830 nəfərdir. Günlük 165 kubmetr su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin olunacaq. Layihə üzrə tələb olunan materialların tədarükü “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib, tikinti-quraşdırma işləri isə Regional Su Meliorasiya Xidməti tərəfindən icra olunub.
Bununla yanaşı, cari ildə Şabran şəhəri ərazisində Şabrançayda sel və daşqınlar zamanı zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, eləcə də şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Eyni zamanda, 2026–2027-ci illərdə rayonun Qəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədlərinin hazırlanması və tikinti işlərinin icrası nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Şabran şəhərinin mövcud su təchizatı sistemi “Şollar-2” magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərdə, ümumilikdə, 6872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 kilometr olan magistral su kəməri, 150 kilometrlik daxili paylayıcı şəbəkə, 134 kilometrlik kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 min kubmetr gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar edilir. Ümumilikdə isə rayon üzrə 23 yaşayış məntəqəsində 2374 abonentə su təchizatı xidməti göstərilir.