Sabunçu rayonunda bir neçə cinayət törədən iki qadın məsuliyyətə cəlb olunub
Bakı, 27 may, AZƏRTAC
Sabunçu rayonunun Maştağa qəsəbə sakini Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti - Zəng Mərkəzinə məlumat verərək bildirib ki, mayın 25-də gecə saat 4 radələrində evinə daxil olan iki nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirərək əmlakını quldurluq yolu ilə ələ keçirməyə çalışıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıblar.
Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində digər cinayətlər törətdikləri istisna olunmur.