Sabunçu rayonunda karantin qaydalarını pozan şəxslərə qarşı reyd keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub. Polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd olunan yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təmin edilib.
Reyd zamanı, həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.
Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.