“ŞAGİRD İNKİŞAF KOMİTƏSİ KONSEPSİYASI” LAYİHƏSİNİN NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLAMIŞDIR
Bakı, 5 oktyabr (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başlamışdır.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, layihənin məqsədi şagirdlərin təhsilə marağının artırılması, onların asudə vaxtının səmərəli təşkilinin, ictimai fəallıqlarının təmin edilməsi və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarının təşviq olunmasıdır.
Layihə Füzuli rayonunun Qayıdış qəsəbəsində icra olunur.
Artıq layihənin səmərəli icra edilməsi məqsədi ilə qəsəbənin 4 nömrəli məktəbində xüsusi yer ayrılmış, buraya zəruri texniki avadanlıq, xüsusilə də ofis və kompyuter avadanlığı qoyulmuşdur.
Qeyd edək ki, yaxın günlərdə rəsmi açılış mərasimi olacaq Şagird İnkişaf Komitəsinə Qayıdış qəsəbəsindəki məktəblilər tərəfindən formalaşdırılacaq və seçiləcək idarə heyəti rəhbərlik edəcəkdir.
Hazırda layihə heyəti məktəblərdə görüşlər təşkil edir, şagirdləri, müəllim və valideynləri layihə barədə məlumatlandırır, onların fikirlərini öyrənir. Bununla yanaşı, müxtəlif qeyri-formal təlimlər təşkil edilir, şagirdlərə texniki və təşkilati dəstək göstərilir.
İki il davam edəcək bu layihə çərçivəsində şagirdlərə müxtəlif təlim proqramları və kurslar tədris olunacaq, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək veriləcək, müvafiq nəşrlər hazırlanacaq, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşləri keçiriləcəkdir.