Şagirdlərin 88 faizi məktəbi bitirənədək məlumat savadlılığına yiyələnməlidir - sorğu
Bakı, 11 avqust, AZƏRTAC
Çikaqo Universiteti valideyn və müəllimlərin böyük əksəriyyətinin süni intellektin sürətlə inkişaf etdiyi dövrdə şagirdlərin məlumat savadlılığı bacarıqlarına yiyələnməsini vacib hesab edir.
AZƏRTAC xəbər verir ki, “Data Science 4 Everyone” və “Mathematica” təşkilatlarının 1333 nəfərin iştirakı ilə keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 88 faizi bütün şagirdlərin orta məktəbi bitirənədək məlumat savadlılığına yiyələnməli olduğunu düşünür.
Respondentlərin 84 faizi məlumat savadlılığı və məlumat elminin yalnız riyaziyyat və informatika deyil, müxtəlif fənlərin tədrisinə inteqrasiya edilməsini dəstəkləyib. 76 faiz isə süni intellektin məlumat təhsilini daha vacib etdiyini bildirib.
Sorğuya əsasən, şagirdlərin süni intellektə hazırlığında ən vacib bacarıqlar problem həlletmə, tənqidi düşünmə və əsas fənlər üzrə möhkəm biliklərdir. Bu bacarıqlar proqramlaşdırma və süni intellekt üçün effektiv promptlar hazırlamaq kimi texniki bacarıqlardan üstün tutulub.
Tədqiqatçılar məlumat savadlılığının bütün fənlərə inteqrasiyasını və şagirdlərin süni intellekt tərəfindən yaradılan məlumatları tənqidi qiymətləndirmə bacarığının inkişaf etdirilməsini vacib sayırlar.
Qeyd edək ki, sorğu 2026-cı ilin fevral-mart aylarında aparılıb.
Müxbir - Səbinə Əlizadə