“Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə növbəti görüş olub
Bakı, 27 noyabr, AZƏRTAC
Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 329 nömrəli tam orta məktəbdə təşkil olunub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 200-ə yaxın məktəblinin iştirak etdiyi tədbirdə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qida məhsullarını alarkən nəyə diqqət etməliyik?” və “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin olması şərtdir” mövzularında təqdimatlar edilib.
Qida təhlükəsizliyi ilə əlaqədar xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.