“ŞAHDƏNİZ” LAYİHƏSİNƏ DAİR SAZİŞLƏR İMZALANDI
Fevralın 21-də Yanacaq və Energetika Nazirliyində Azərbaycan hökuməti ilə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə tərəfdaş neft şirkətləri arasında dörd saziş imzalanmışdır. Sənədlərə tranzit əraziyə malik ölkənin hökuməti ilə Azərbaycan Respublikası arasında təbii qazın tranziti, nəqli və satışı haqqında saziş, “Şahdəniz” yatağından hasilatın pay bölgüsünə dair sazişə uyğun olaraq Azərbaycan hökuməti ilə “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar arasında qaz təchizatı şirkəti üzrə niyyət memorandumu, Azərbaycan hökuməti ilə “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar arasında dövlət təminatları haqqında saziş, “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar arasında kommersiya prinsipləri haqqında saziş daxildir.
Yanacaq və energetika naziri Məcid Kərimov imzalanma mərasimində çıxışında bildirdi ki, “Şahdəniz” yatağının işlənilməsi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm mərhələdir. Bu sazişlər Azərbaycan Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin ötən ilin sentyabrında imzaladıqları hökumətlərarası sazişin məntiqi nəticəsidir.
“bp Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord bildirdi ki, sazişlərin rekord qısa müddətdə imzalanması “Şahdəniz” yatağının işlənilməsinə və Bakıdan Gürcüstan-Türkiyə sərhədinədək qaz kəmərinin tikintisinə təkan verəcəkdir. Bu qaz kəməri həmin sərhəddə BOTAŞ şirkətinin yeni boru xəttinə birləşdiriləcəkdir.
Devid Vudvord dedi ki, sazişlərin imzalanması həm də lazımi hüquqi bazanın yaradılmasını, layihələndirmənin, tenderlər keçirilməsinin və kommersiya məsələlərinin öyrənilməsi üzrə fəaliyyətin yekun mərhələsinin başlandığını göstərir. Tikinti işləri cari ilin iyulunda başlanacaq, Gürcüstana və Türkiyəyə ilk qazı isə 2005-ci ilin payızına yaxın nəql etmək nəzərdə tutulur. Bu yataq tam miqyasda işlənildikdən sonra qaz hasilatının həcmini 12-16 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Cənubi Qafqaz boru kəmərinin tikintisinə dair kommersiya prinsipləri haqqında sazişin imzalanması onun kommersiya əsasını, ümumən, doğruldur.
Devid Vudvord mühüm sənədlər imzalanmaq üçün operativ surətdə hazırlandığına görə Azərbaycan hökumətinə, Yanacaq və Energetika Nazirliyinə təşəkkürünü bildirdi.
Mərasimdə ARDNŞ-in prezidenti Natiq Əliyev, bir sıra xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri iştirak edirdilər.