Sahibkarlar Konfederasiyasının Misir, Səudiyyə Ərəbistanı və Sudan üzrə nümayəndəsi təyin olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib.
ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ölkələrdə Konfederasiyanı tanınmış iş adamı Ceyhun Xəlilov təmsil edəcək.
C.Xəlilov əmək fəaliyyətinə 2011-ci ildə “Red Line Shipping” şirkətində başlayıb və hazırda həmin şirkətdə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bununla yanaşı, “Egypt Azerbaijan Export”, “Bazaar Stone” və “Elite Trading” şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən isə “Global Contracting & Supplies” şirkətinin baş meneceri vəzifəsində çalışır.
C.Xəlilov bir çox qonşu ölkələr - Liviya, Livan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində fəaliyyət göstərir və Azərbaycan diasporunun fəal üzvlərindən biridir.