SAHİBKARLARA 40,7 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT VERİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci il üçün dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) güzəştli kreditlərin verilməsi məqsədi ilə 74 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsait güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir.
Artıq 53,8 milyon manat məbləğində vəsait SKMF-in xəzinə hesabına köçürülmüşdür. Bu ilin ötən dövründə müvəkkil kredit təşkilatları tərəfindən respublikanın 48 şəhər və rayonu üzrə 327 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 40,7 milyon manat güzəştli kredit verilmişdir.
Ayrılan kreditlər, əsasən, sənaye məhsullarının istehsalı (65 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (233), turizm infrastrukturunun inkişafı (20), xidmət sahələri (9) üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Maliyyələşdirilmiş layihələrin 78 faizi respublikanın regionlarının payına düşür. Bu layihələrin 84 faizi istehsal və emal yönümlüdür.
Cari ilin birinci yarısında Fondun vəsaiti hesabına verilmiş güzəştli kreditlər üzrə maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4 min 500-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələrin güzəştli qaydada kreditləşdirilməsi davam etdirilir.