Şahin İsmayılov: Ölkəmizin müharibədən qalib çıxması Azərbaycan - ABŞ əlaqələrinin yeni mərhələsinin əsasını qoyacaq
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının yaranmasının 103-cü ili tamam olur. Bu il Respublika Gününü biz tam fərqli hisslərlə qeyd edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyuldu və ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Respublika Günü münasibətilə dünyanın 60-dan çox dövlət və hökumət başçısı Prezident İlham Əliyevi təbrik etdi. Bu ölkələr arasında dünyada baş verən proseslərə birbaşa təsir göstərən dövlətlər də var. Əgər biz təbrik məktublarının mətninə nəzər salsaq, burada önə çıxan bir sıra məqamları görərik- Azərbaycana bərabər hüquqlu dövlət kimi yanaşılır, ölkəmizin dünyada baş verən proseslərə töhfəsi qeyd olunur və regionda Azərbaycanın xüsusi gücü və nüfuzu vurğulanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib. Deputat bildirib ki, bundan başqa biz həm də dünya liderlərinin Prezident İlham Əliyevə yanaşmasında xüsusi bir diqqət və hörmət görürük. Düşünürəm ki, bu, birbaşa ölkə rəhbərinin həm şəxsi nüfuzu, həm də peşəkar siyasətçi olması ilə bağlıdır. “Təbrik məktubları içərisində mən xüsusi olaraq ABŞ Prezidenti Co Baydenin məktubuna toxunmaq istərdim. ABŞ Prezidentinin həm Respublika Günü ərəfəsində, həm də Novruz bayramı ilə əlaqədar göndərdiyi məktublarda Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfə, o cümlədən həyata keçirdiyi qlobal enerji layihələri və gələcək əməkdaşlığa dair vacib fikirlər öz əksini tapıb. Bundan başqa ABŞ və Azərbaycan arasında 30 ilə yaxın dövrdə uğurlu əməkdaşlığın mövcudluğu xüsusi qeyd olunub. Düşünürəm ki, Azərbaycanın müharibədən qalib çıxması və regionda yeni reallıqlar yaratması Azərbaycan və ABŞ arasında da əlaqələrin yeni mərhələyə daxil olmasına səbəb olacaqdır. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq, burada ABŞ şirkətlərinin ciddi marağının olacağı tam realdır. ABŞ, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq regionda hadisələrin bundan sonrakı inkişafında da vacib rol oynaya, o cümlədən birgəyaşayışa və inteqrasiyaya mühüm töhfələr verə bilər. Hər halda ABŞ rəsmilərinin postmünaqişə dövrünə dair səsləndirdikləri fikirlərdə də biz bunu hiss edirik”, - deyə Ş.İsmayılov əlavə edib.