Salyanda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsinin təqdimatı keçirilib
Salyan, 25 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində qalib gələn Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində çıxış edən Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə layihənin məqsədi, görülmüş işlər, əhatə edəcəyi dövr və hədəf qrupları barədə iştirakçılara ətraflı məlumat verib.
Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov sosial müdafiəyə ehtiyacı olan gənclərlə bağlı Fondun həyata keçirdiyi işlərdən danışaraq, “Sosial Müdafiə Akademiyası” layihəsinin də bunun davamı olduğunu bildirib.
Digər çıxış edənlər dövlət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən söz açıb, fiziki məhdudiyyətli gənclərin peşə reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası sahəsində layihənin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Sonra fiziki məhdudiyyətli gənclərin də iştirakı ilə “Azərbaycanı tanıyaq” adlı intellektual yarış keçirilib.
Sonda təlimlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.