Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 10 fevral, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı olub. Seminarda bu elmi müəssisənin Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova Şamaxı Astrofizika Rəsədxanasında alınan Eşelle spektrlərin IRAF proqram paketi vasitəsilə ilkin emalı metodikasından bəhs edib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
A.Həsənova bildirib ki, IRAF proqram paketinin Şamaxı Astrofizika Rəsədxanasının teleskopunda alınmış spektrlərə tətbiqi spektrlərin emalının sürətlənməsi və dəqiqliyinin artırılması cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bu nöqteyi-nəzərdən IRAF proqram paketi vasitəsilə HD187982 ifratnəhəng ulduzunun 2020-ci il 4 iyun tarixində rəsədxananın 2 metrlik teleskopunun kasseqren fokusunda optik lifli kasseqren eşelle spektroqrafında quraşdırılmış 4000х4000 ölçülü YƏC kamerasında R=28000 ayırdetmə ilə alınmış spektrləri emal olunub. Aydın olub ki, IRAF proqram paketinin tətbiqi zamanı spektrlərin emalının bəzi mərhələləri avtomatlaşdırılmış olduğundan emal prosesi daha qısa müddətə tamamlanır. Həmçinin IRAF proqram paketi ilə işlənmiş spektrlər digər beynəlxalq səviyyəli astronomik dataların emalı proqramlarında asanlıqla təkrar emal oluna bilər.