Samuxda əlilliyi olan şəxslərə sosial reabilitasiya xidmətləri göstərilib
Samux, 3 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonunda fəaliyyət göstərən sosial reabilitasiya mərkəzində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə bu günün əhəmiyyətindən, ölkəmizdə əlilliyi müəyyən edilmiş şəxslərin sosial rifahının yüksəldilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan, əldə olunan nəticələrdən söz açılıb. Mərkəzdə xidmətlərdən yararlanan uşaqlar üçün bədii proqram da nümayiş etdirilib.
Layihə çərçivəsində Samuxda fəaliyyət göstərən mərkəzdə 18 yaşınadək əlilliyi olan 61 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir.
Layihə rəhbəri Yalçın Hacıyevin verdiyi məlumata görə, reabilitasiya xidmətləri zamanı əlilliyi müəyyən edilmiş uşaqlarla psixoloq, psixo-pedaqoq və loqopedlər məşğul olublar. Məqsəd həmin şəxslərdə ünsiyyət, sosiallaşma, özünəxidmət, koqnitiv bacarıqların formalaşdırılması, çatışmazlıqların korreksiyası, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Rayon gənclər və idman sektoru tərəfindən mərkəzdə sosial reabilitasiya xidməti göstərilən uşaqların iştirakı ilə rəsm sərgisi də keçirilib.