Sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib
Bakı, 19 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A.Ağabəyov barəsində protokol tərtib edilib və o, 3 min manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.