Sankt-Peterburqda 20 Yanvar hadisələrinə həsr edilmiş tədbir keçirilmişdir
Moskva, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu və Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsi 1990-cı il 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirmişdir.
Sankt-Peterburqdakı Came məscidində təşkil olunmuş tədbirdə Azərbaycan diasporunun, gənclərin və tələbələrin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Pançeyev 20 Yanvar faciəsi ilə əlaqədar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək vurğulamışdır ki, Sankt-Peterburq müsəlmanları Azərbaycan xalqının kədərinə şərikdirlər.
Baş konsul Elşad Qulamov o qanlı gecənin hadisələri barədə söhbət açaraq qeyd etmişdir ki, Mixail Qorbaçovun qanunazidd fərmanına əsasən və guya Bakının rus və erməni əhalisini müdafiə etmək bəhanəsi ilə sovet ordusunun böyük kontingenti qəflətən Bakıya soxulmuşdur. İmperiya qoşunları mülki əhali arasında və sırf mülki obyektlərdə olmalarını nəzərə almadan heç bir təqsiri olmayan dinc insanlara qarşı misli görünməmiş qırğın törətmişlər. Sovet ordusunun xüsusi təyinatlı dəstələri Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc sakinlərə amansız divan tutmuşlar. Heç bir təqsiri olmayan 147 nəfər vəhşiliklə qətlə yetirilmişdir.
Diplomat xüsusi vurğulamışdır ki, bu qanlı hadisələrdən bir gün sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Bakının küçə və meydanlarında törədilmiş qanlı qırğını kəskin pisləyərək sovet rəhbərliyinə qəti etirazını açıq bildirmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri Səyyad Əliyev qeyd etmişdir ki, bu qanlı hadisə öz Vətəninin hüdudlarından kənarda yaşayan azərbaycanlıların yaddaşında həmişəlik qalacaq, 20 Yanvar faciəsini törətmiş cinayətkarlar isə gec-tez layiqli cəzalarını alacaqlar.
Sankt-Peterburq və Şimal-Qərb Regionu Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi müqəddəs Qurandan surələr oxumuş, sonra 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva