Sankt-Peterburqda rapid üzrə dünya çempionatının sonuncu turunun görüşləri keçirilir
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Sankt-Peterburqda keçirilən rapid üzrə dünya çempionatının sonuncu oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən kişilərin yarışında 10, qadınların turnirində 8 turun oyunları keçirilib. Yeddi nəfərlik heyətlə dünya birinciliyinə qatılan şahmatçılarımızdan 3-ü medal ümidlərini qoruyub saxlayır. Şəhriyar Məmmədyarov və Qədir Hüseynov hərəyə 6,5 xal toplayıblar. Rauf Məmmədovun isə 5,5 xalı var.
İlk baxışdan kişilərin mübarizəsində Şəhriyarın 19-cu, Qədir Hüseynovun isə 31-ci pillədə olmalarına baxmayaraq, onları liderdən cəmi bir xal ayırır. Yarışın sürprizlərlə və heç-heçələrlə zəngin olması liderlər qrupunda çox şahmatçının yer alması il nəticələnib. Belə ki, liderlə 38-ci pillədə yer alan şahmatçı arasında bir xal fərqi var. Bu gün keçirilən son beş turdan sonra rapid üzrə dünya çempionu müəyyənləşəcək. Bu baxımdan şahmat azarkeşlərini çempionluq uğrunda çox maraqlı və gərgin mübarizə gözləyir.
Qadınların mübarizəsində vəziyyət bir qədər fərqli olsa da, təmsilçimiz Gülnar Məmmədovanı üçüncü yerdən yarım, ikinci pillədən isə bir xal ayırır. Yarışın lideri çinli Yu Vencun isə Gülnarı 1,5 xal qabaqlayır.
Çempionatda qadınların yarışında səkkiz turdan sonra Gülnar Məmmədova 5,5, Günay Məmmədzadə 4,5, Zeynəb Məmmədyarova 4, Türkan Məmmədyarova isə 3,5 xal toplayıblar.
Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da keçiriləcək.