SARA AŞURBƏYLİNİN XATİRƏSİ ANILMIŞDIR
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbiri açaraq alimin ömür yolundan, geniş elmi fəaliyyətindən danışmış, xatirəsinin daim əziz tutulduğunu bildirmişdir.
Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimiovanın “S. Aşurbəylinin həyatı və elmi fəaliyyəti haqqında”, akademiyanın müxbir üzvü Oqtay Əfəndiyevin “S.Aşurbəylinin tarix elmində rolu” mövzularında məruzələri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, bir çox monoqrafiyanın və yüzlərlə elmi məqalənin müəllifi Sara xanım Aşurbəyli təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır. Alimin əsərləri, əsasən, Şirvanşahlara və Bakıya həsr olunmuşdur. Sara xanımın orta əsr Bakısına həsr etdiyi tarixi oçerkləri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə vurğulanmışdır ki, görkəmli alim öz bilik və bacarığını Azərbaycan tarixinin tədqiqinə həsr etmiş, orta əsr Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olmuşdur.
Akademik Teymur Bunyadov, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova və başqaları görkəmli alimin elmimizə verdiyi dəyərli töhfələrdən, onun nəcib insani keyfiyyətlərindən söhbət açmış, xatirələrini söyləmişlər.