“Saudi Aramco” mənfəətinin azalmasına baxmayaraq divident ödənişini dayandırmayacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” mənfəətinin 45 faiz azalmasına baxmayaraq divident ödənişini dayandırmayacaq.
AZƏRTAC xəbər verir ki, neft nəhəngi “Saudi Aramco”nun mənfəəti üçüncü rübdə 45 faiz azalıb. Lakin buna baxmayaraq şirkət divident ödənişini 1,75 milyard dollar səviyyəsində saxlayıb.
Xalis mənfəəti üçüncü rübdə 44,2 milyard rial (11,8 milyard dollar) təşkil edən şirkətin satışları isə rüb ərzində illik müqayisədə 25 faiz azalaraq 53,3 milyard dollara düşüb. “Aramco”nun pul axını 12,4 milyard dollar olub (2019-cu ilin eyni rübündə 20,6 milyard dollar idi).
Şirkət 2020-ci ildə 75 milyard dollar divident ödəməyi hədəfləyir. Səhmdar quruluşuna görə bu ödənişin demək olar hamısı Səudiyyə Ərəbistanı hökumətinə veriləcək.
Neft qiymətlərinin nisbətən sabit qalması fonunda isə şirkət bu ilin üçüncü rübündə mənfəətini son rübdə ilk dəfə rüblük müqayisədə artırıb.
“Saudi Aramco” baş icraçı direktoru Amin Al Nasser deyib: “Qlobal enerji bazarlarının qarşılaşdığı çətinliklərə baxmayaraq, üçüncü rübdə iqtisadi fəaliyyətdə canlanma müşahidə etdik. Bazar dəyişkənliyi qarşısında kapital bölgüsündə intizamlı və çevik yanaşmamızı davam etdirəcəyik”.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.