SAXTA DƏRMANLARA QARŞI MÜBARİZƏ ÜZRƏ BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Müasir dövrdə dövlətlər müxtəlif qlobal təhlükələrlə üzləşir. Dövlətlərin iqtisadi mənafelərinə ciddi təhdid yaradan və insan sağlamlığını, bütövlükdə gələcək nəsillərin sağlamlığını böyük zərbə altında qoyan kontrafakt dərman məhsullarının dövriyyəsi bu təhlükələrə qarşı dünya dövlətlərinin səylərinin birləşdirilməsini zəruri edir.
İnsanlığa qarşı yönəlmiş belə cinayətlərin qarşısının alınmasında dünya ölkələri fəaliyyətlərini əlaqələndirməklə, qlobal səviyyədə məlumat mübadiləsini təşkil etməklə yanaşı, milli səviyyədə qanunvericiliklərini, institusional mexanizmlərini təkmilləşdirməli, müasir informasiya texnologiyalarından istifadə etməklə dərmanların keyfiyyətinə nəzarət sistemini gücləndirməlidirlər.
Azərbaycanda iqtisadi təhlükəsizliyin təmin olunması, saxta məhsullara, o cümlədən saxta dərmanlara qarşı mübarizə ümumdövlət vəzifəsi kimi qəbul olunur. Ölkəmizdə azad sahibkarlığın inkişafı, sağlam rəqabətin formalaşması, işgüzar mühitin fəallaşması, eləcə də istehlak bazarının saxta məhsullardan qorunması, istehlakçıların hüquqlarının müdafiəsi və insanların sağlamlığının təmin olunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Müvafiq dövlət orqanları saxta dərmanların ölkəyə idxalının qarşısının alınması, belə preparatların dövriyyədən çıxarılması, saxta dərman istehsal edən şəxslərin aşkar edilərək, məsuliyyətə cəlb olunması üçün daim iş aparır, bu sahədə tərəfdaş ölkələrlə, Ümumdünya Gömrük Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, İnterpol və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Əminəm ki, bu əməkdaşlıq daha səmərəli şəkildə davam edəcək, konfransdan əldə olunacaq nəticələr bütün iştirakçı dövlətlər üçün faydalı olacaq və saxta dərmanlara qarşı mübarizəmizi gücləndirəcəkdir.
Ölkələrimizi narahat edən ciddi məsələlərdən birinə həsr olunmuş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi münasibətilə Sizi ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2007-ci il