Saymon Kleq Avropa Olimpiya Komitələrinin Avropa Oyunları üzrə icraçı direktoru təyin edilib
Saymon Kleq: “Bakı-2015”dəki uğurun II Avropa Oyunlarında da davam etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözləyirəm.
Bakı, 11 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru, britaniyalı idman təşkilatçısı Saymon Kleq yenidən Avropa Olimpiya Komitələrinin (AOK) Avropa Oyunları üzrə icraçı direktoru vəzifəsinə təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə AOK-un saytında məlumat verilib.
S.Kleq 2013-cü ildə qısa müddətdə bu vəzifədə fəaliyyət göstərib. Belə ki, o, Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru vəzifəsində çalışıb.
Britaniyalı idman təşkilatçısının yeni vəzifəsi Avropa Olimpiya hərəkatının əsas idman tədbiri olan II Avropa Oyunlarına hazırlıq prosesində Minsk Avropa Oyunları Əməliyyat Komitəsi (MEGOC) ilə mütəmadi əməkdaşlıq olacaq.
S.Kleqin yeni vəzifəyə təyin olunmasına münasibət bildirən AOK prezidenti Janez Koçijançiç deyib: “Çox şadam ki, Saymon yenidən bizim sıralarımıza qoşulub. Onun Olimpiya hərəkatındakı 30 illik səriştəsi və Bakıda əldə etdiyi zəngin təcrübə AOK-un və MEGOC-un işinə dəstək verilməsində həlledici rol oynayacaq. Avropa Oyunları konsepsiyası yeni olmasına baxmayaraq, AOK-un ən mühüm dəyərlərindən biridir. Bu təyinat Avropa Oyunları kimi mühüm idman yarışının gələcəkdə də uğurla davam etdirilməsi istiqamətində fəaliyyətimizi daha da gücləndirəcək”.
Saymon Kleq isə bu barədə bildirib: “Yenidən AOK-un sıralarına qoşulmağımla əlaqədar aldığım dəvətə görə çox minnətdaram. Olimpiya Oyunları təşkilatçılıq baxımından bir-birinə bənzəmir. Buna görə də “Bakı-2015” ilə “Minsk-2019” bir-birindən fərqli olacaq. Əsas məqsədimiz idmançıların öz bacarıqlarını göstərə bilmələri üçün mükəmməl şərait yaratmaqdır. İnanıram ki, Belarus II Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Mən “Bakı-2015”dəki uğurun bu Oyunlarda da davam etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözləyirəm”.