SƏBAİL RAYON VETERANLAR TƏŞKİLATLARI ŞURASININ HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Səbail Rayon Veteranlar Təşkilatları Şurasının növbəti hesabat-seçki konfransı keçirilmişdir.
Məruzə ilə çıxış edən şuranın sədri Ömər Ağayev bildirmişdir ki, qurum öz sıralarında 1100-dən çox veteranı birləşdirir. Onların 114-ü Böyük Vətən müharibəsi iştirakçısı, 320-si arxa cəbhə, 544-ü əmək veteranıdır. Təşkilatda Çernobıl, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları da təmsil olunmuşlar.
Diqqətə çatdırılmışdır ki, veteranların ən ümdə vəzifələrindən biri gənc nəslin Vətənə, xalqa məhəbbət ruhunda böyüməsinə, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına kömək etməkdir. Bu məqsədlə orta və ali məktəblərdə mütəmadi görüşlər keçirilir, ordu sıralarına çağırış vaxtı təşkil edilən təntənəli mərasimlərdə veteranlar gənclərə öyüd-nəsihət verir, tez-tez cəbhə bölgəsində xidmət edən əsgərlərə baş çəkirlər.
Veteranlar rayonun ictimai həyatında da fəaldırlar. Belə ki, onlar öz məsləhət və təcrübələri ilə rayonda aparılan abadlıq və quruculuq işlərində iştirak edirlər.
Məruzəçi və müzakirələrdə çıxış edənlər vurğulamışlar ki, veteranlar ölkəmizin tərəqqisi naminə səylərini bundan sonra da əsirgəməyəcəklər.
Rayonda görülən abadlıq və quruculuq işlərindən danışan Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov bu işdə veteranların məsləhətlərinə həmişə ehtiyac duyulduğunu bildirmiş, eyni zamanda, onlara göstərilən diqqət və qayğıdan danışmışdır.
Konfransda Səbail Rayon Veteranlar Təşkilatları Şurasının plenumunun, rəyasət heyətinin, təftiş komissiyasının üzvləri və Bakı Şəhər Veteranlar Təşkilatları Şurasının VII konfransına nümayəndələr seçilmişdir.
Konfransda təşkilati məsələyə baxılmış, Ömər Ağayev yenidən şuranın sədri seçilmişdir.