“Səbail”in qapıçısı Azərbaycan çempionatlarının tarixinə düşüb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının X turu “Səbail”in qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib. Bu, “Neftçi” ilə ev görüşünə (2:4) təsadüf edib.
Təcrübəli çərçivə qoruyucusu 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə öz qapısında qol görüb.
S. Ağayevin debütü 2010/2011-ci illər mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiper “Səbail”ə (10, -15) qədər “Şamaxı” (90, -74), “Sumqayıt” (39, -50), “Neftçi” (56, -50), “Sabah” (17, -20) və “Qəbələ”də (30, -38) də forma geyinib.
Karyerası ərzində Premyer Liqanın 7 klubunda çıxış edən S. Ağayev ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb. Yarışın 31 illik tarixində yalnız 4 qolkiper daha çox matça çıxıb.
Bu tur “Qarabağ”ı qəbul edən “Turan Tovuz” isə Premyer Liqa tarixində 50-ci qolunu vurub. Qərblilərin yubiley qoluna Ayxan Quseynov imza atıb. “Qarabağ”la 2:2 hesabı ilə başa çatan qarşılaşmada son qolu vuran yarımmüdafiəçi Tovuz klubunun “50”yə 46-cı matçda çatmasına töhfə verib. Bölgə təmsilçisinin məhsuldarlığı 1,09-a bərabərdir.
“Turan Tovuz” yarışın tarixinə ən azı 50 qol vuran 43-cü komanda kimi düşüb. Tovuzun Premyer Liqadakı ikinci təmsilçisi olan “Turan Tovuz”un ilk qolu ötən mövsümə təsadüf edib. 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında Natan Oduva qələbə qoluna imza atıb - 1:0.