Sebastyan Lökornüyə olan etimadsızlıq riski qalmaqdadır - SORĞU
Paris, 15 oktyabr, AZƏRTAC
“Odoxa-Backbone Consulting” şirkətinin sorğusuna əsasən, fransızların böyük əksəriyyəti yeni Baş nazir Sebastyan Lökornü və onun formalaşdırdığı hökumətə etimadsızlıq göstərir.
AZƏRTAC xəbər verir ki, fransızların 62 faizi bu təyinatdan narazıdır.
Fransızlar Lökornünü fərdi xüsusiyyətlərinə görə bəyənsələr də onu Baş nazir kimi qəbul etmirlər. Sorğuda iştirak edənlərin 44 faizi onun haqqında müsbət fikir bildirib. Onun televiziya vasitəsilə verdiyi səmimi istefa açıqlaması da Lökornüyə ictimai rəğbət qazandırıb. Buna baxmayaraq, fransızların 61 faizi hesab edir ki, o, yaxşı Baş nazir deyil.
Yeni formalaşan hökumət isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir. Respondentlərin 72 faizi bu hökumətin onların gözləntilərinə uyğun olmadığını düşünür. 67 faizi isə siyasi dəyişiklik vədinin yerinə yetirilmədiyini qeyd edir.
Hökumətin kiçikheyətli olacağı bəyan edilsə də, yeni kabinetdə 34 üzv yer alıb. Nəticədə fransızların 73 faizi bu hökumətin uğur qazanacağına, 74 faizi isə 2027-ci ilə qədər davam edəcəyinə inanmır.
Etimadsızlıq səsverməsi ictimaiyyətdə kəskin qütbləşməyə səbəb olur: 52% lehinə, 47% əleyhinədir. Bu fərq xalqın narazı olduğu qədər yorğun olduğunu da göstərir. Əksəriyyət hökumətin cəzalandırılmasını istəsə də, az qala yarısı bunun siyasi böhranı daha da dərinləşdirəcəyindən qorxur. Fransızların 80 faizi böhranın artıq iqtisadi təsirlərinin olduğunu düşünür.
Pensiya islahatının dayandırılması qərarı müvəqqəti olaraq gərginliyi azaldıb. Bu da sosialist seçicilər arasında etimadsızlığa qarşı çıxanların sayını artırıb.
Ən diqqətçəkən nəticələrdən biri odur ki, əgər Lökornü hökumətinə etimadsızlıq göstərilərsə, fransızların 83 faizi bunun ciddi siyasi nəticələrinin olacağını düşünürlər. Fransızların 50 faizi Emmanuel Makronun istefasını, 33 faizi isə parlamentin buraxılmasını istəyir. Yalnız 16 faizi yeni Baş nazir təyin olunmasının çıxış yolu ola biləcəyini düşünür.