Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb
Sədərək, 8 mart, AZƏRTAC
Muxtar respublikada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sistemi Heydərabad qəsəbə filialında “Zəfər guşəsi” yaradılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, filialın müdiri Vəzir İmamverdiyev guşənin yaradılmasında məqsədin kitabxana oxucularını 44 günlük Vətən müharibəsi zamanı aktiv döyüşdə iştirak edənlər haqqında məlumatlandırmaqdır. Sədərək rayonundan olan 44 Vətən oğlu II Qarabağ savaşında, torpaqlarımızın azad olunmasında iştirak edib.
Qeyrət qalasının mərd oğullarından 4 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 4 igidimiz qazi olub. 18 qəhrəman Vətən oğlu müxtəlif medal və ordenlərlə təltif olunub. Yaradılan bu guşə vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, vətəndaşların ictimai fəallığının artırılmasına xidmət edəcək.