Sədr müavini: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mühüm hadisələrlə üst-üstə düşür
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi” haqqında Sərəncamı çox əlamətdar oldu. Mən şəhərsalma və memarlıq sahəsində çalışan həmkarlarım və öz adımdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu Sərəncamın verilməsinin böyük tarixi kökləri var.
“Azərbaycan çox əsrlik şəhərsalma və memarlıq sahəsində dünyaya böyük töhfələr vermiş ölkədir. Ölkəmizin ərazisində UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, Qız Qalası, Şirvanşahlar kompleksi kimi abidələr var. Həmçinin Şəki şəhəri də həmin siyahıya daxil edilib. Bunlarla yanaşı, bu il UNESCO xətti ilə Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi də qeyd olunacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan qədimdən şəhərsalma və memarlıq sənətinin inkişaf etdiyi, təşəkkül tapdığı ərazilərdən biridir”, - deyə sədr müavini bildirib.
İ.İsbatov qeyd edib ki, qarşıdakı ildə bir sıra əlamətdar hadisələrlə nəzərdə tutulub: “Əlamətdar hadisələrdən birincisi may ayında Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasıdır (WUF13). İkinci mühüm hadisə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın son ili çərçivəsində bir sıra yaşayış ərazilərinin, ictimai binaların, sənaye obyektlərinin Qarabağda tikintisinin başa çatması və istifadəyə verilməsi, minlərlə məcburi köçkün olmuş vətəndaşlarımızın həmin ərazilərə qayıdışı, bu istiqamətdə şəhərsalma və memarlıq sahəsində də bir sıra vacib işlərin görülməsi nəzərdə tutulur”.