SƏFƏR ƏBİYEV: ERMƏNİSTANI TƏCAVÜZKAR KİMİ TANIMAĞIN VAXTI ÇATMIŞDIR
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkə Prezidenti İlham Əliyevin adından iclas iştirakçılarını salamladı və əminliyini bildirdi ki, görüş iştirakçıları əməkdaşlığın və qarşılıqlı surətdə faydalı əlaqələrin genişlənməsinə gətirib çıxaracaq nəticələrə nail olmaq üçün maksimum səy göstərəcəklər.
S.Əbiyev demişdir: “Müstəqillik bərpa edildikdən sonra ötən 15 ildə Azərbaycan mürəkkəb inkişaf yolu keçmişdir. Xalqın iradəsi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ölkədə sabitlik yaratdı, bütün sahələrdə inkişaf üçün geniş imkanlar açdı. İndi Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasi xətt xalqın rifahının yaxşılaşmasına yönəldilmişdir”.
Nazir vurğuladı ki, bizə zorla qəbul etdirilmiş Dağlıq Qarabağ münaqişəsi olmasaydı, xalqımız daha böyük nailiyyətlər qazanardı. Ermənistanın işğalı altında olan və nəzarətdən çıxan ərazilərdə çox böyük miqdarda döyüş texnikası və sursatı cəmləşdirilib, terrorçular hazırlanır, qanunsuz olaraq silah və kütləvi qırğın silahı komponentlərinin alveri gedir, narkotik maddələr istehsal edilir və dünyanın digər regionlarına göndərilir. Bütün bunlar yeni risklər, Cənubi Qafqaz regionunda partlayış təhlükəli vəziyyətin qalması üçün şərait yaradır. Azərbaycan bu münaqişənin dincliklə həll edilməsinə tərəfdardır. Ermənistan istisna olmaqla, qalan bütün dövlətlər və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımışlar. Ona görə də prinsipial obyektiv mövqe tutmaq, Ermənistanı təcavüzkar kimi tanımaq, ondan beynəlxalq hüquq normalarını yerinə yetirməyi, Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxmağı tələb etmək vaxtı çatmışdır.
S.Əbiyev xüsusi vurğuladı ki, hesab edirik, MDB-nin yaşamaq qabiliyyəti xeyli dərəcədə bu təşkilatın Birlik ərazilərindəki münaqişələri həll edə bilib-bilməyəcəyindən asılıdır.