MƏDƏNİYYƏT
Səfir: Bakıdakı bu sərgi Avropa İttifaqı ölkələrinin tarixi memarlığını təcəssüm etdirir
Bakı, 11 dekabr, AZƏRTAC
“Avropa qəsrləri” adlı sərgidə fotoları nümayiş etdirilən qalalar arasında Hollivudun 1924-cü ildə dünyanın ilk "Drakula" filmini çəkdiyi yer - “Orava” qalasının fotosu da var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak deyib.
Bu tədbirin Avropa İttifaqı ölkələrinin tarixi memarlığını təqdim edən gözəl sərgi olduğunu qeyd edən diplomat söyləyib ki, Slovakiya Avropada ən çox orta əsr qalalarına malik olan ölkədir. “Slovakiya dünyada ən çox saray və qəsrləri olan ölkədir. Çox dağlar var, əsasən saraylar və qəsrlər də dağların üstündədir. Həmin qəsrlər XII və XV əsrlərə aiddir. Hətta xatırladım ki, 1924-cü ildə Hollivudun çəkdiyi ilk “Drakula” filmi Rumıniyada deyil, məhz Slovakiyadakı “Orava” qalasında çəkilib. Yəni, Slovakiya öz gözəl mənzərələri ilə Hollivudu özünə cəlb etmişdi. Biz bu gün bu sərgidə orta əsrlərə aid üç qalanın fotosunu təqdim edirik. Onlardan biri dediyim kimi, “Orava” qalasıdır. İkinci “Bojnice” qəsridir ki, hazırda da bir çox gənc toy mərasimini burada keçirmək istəyir. Üçüncü qala "Spiş" adlanır. Bu, Mərkəzi Avropada ən böyük, ən möhtəşəm və yenilməz qaladır. Həmişə ətrafındakı şəhərləri qoruya bilən bir qala olaraq qalıb, heç bir ordu onu zəbt edə bilməyib.
Azərbaycandan Slovakiyaya səfər etmək istəyən hər kəsi ecazkar qalaları görmək üçün bölgələrə də getməyə dəvət edirəm", - deyə diplomat vurğulayıb.