Səfir: Ermənistanla gərginliyin artması Azərbaycanın maraqlarına uyğun deyil
Kişineu, 14 sentyabr, AZƏRTAC
Moldovanın nüfuzlu media orqanlarında Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ermənistanın son təxribatlarına dair məqaləsi yer alıb.
AZƏRTAC xəbər verir ki, “NOİ”, “Rupor”, “Timpul”, “Realitetea”, “Tribuna” xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə səfir bu təxribatların törədilməsində bilavasitə Ermənistan hakimiyyətinin siyasi məsuliyyət daşıdığını qeyd edib.
“Şərti Ermənistan-Azərbaycan sərhədində növbəti hərbi təxribata görə məsuliyyət Ermənistanın üzərinə düşür, çünki gərginliyin artması birmənalı olaraq işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək üçün irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın maraqlarına uyğun deyil”, - deyə Qüdsi Osmanov vurğulayıb.
Səfir diqqəti Azərbaycanın regionda sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təmin edilməsi üçün daim xoşməramlı addımlar atmasına yönəldib.
“Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan regionun təhlükəsizliyi, sabitliyi və inkişafı naminə sülhə hazır olmaqla yanaşı, həm də bu sülhün təminatçısı kimi çıxış etməyə qadirdir. Azərbaycan nəinki təşəbbüs göstərir, həm də bunu praktikada tətbiq edir. Məsələn, Azərbaycan ərazisində saxlanılan daha 5 Ermənistan vətəndaşının üçüncü dövlətlərin vasitəçiliyi olmadan birbaşa qarşı tərəfə təhvil verilməsi, hakimiyyət orqanlarının bu istiqamətdə atdığı addımlar, Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq qurmaq və əlaqə yaratmaq, regionda sərfəli infrastrukturun yaradılması bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir”, - deyə səfir bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu