SƏFİR HAFİZ PAŞAYEV: AZƏRBAYCAN SUVERENLİK VƏ ƏRAZİ BÜTÖVLÜYÜ MƏSƏLƏLƏRİNDƏ GÜZƏŞTƏ GETMƏYƏCƏK
“Ölkəsini ABŞ-da təmsil etmək hər bir diplomat üçün ağır və məsuliyyətli işdir. Bu, xüsusilə, müstəqilliyinin ilk illərindən çoxsaylı daxili və xarici təzyiqlərlə qarşılaşan Azərbaycana aiddir”,- deyən Hafiz Paşayev bildirmişdir ki, Vaşinqtondakı işinin ən çətin mərhələsi Azərbaycanı Konqresdə tanıtmaq, 907-ci düzəlişin nə qədər ədalətsiz və yanlış siyasi addım olduğunu konqresmen və senatorlara çatdırmaq olmuşdur. Səfir demişdir: “Belə söhbətlərin birində, Kaliforniyanı təmsil edən konqresmen təəccüblə öyrənmişdir ki, Azərbaycan coğrafi cəhətdən Ermənistanı hər tərəfdən əhatə etmir, bunu əvvəllər bilsəydi, heç vaxt Azərbaycana qarşı sanksiyaların lehinə səs verməzdi”. 907-ci düzəlişlə bağıl işin müsbət cəhəti odur ki, bu, ABŞ siyasəti üzrə dərs idi. Azərbaycan diplomatları tez bir zamanda Konqresin xüsusiyyətlərini, Amerika siyasi sisteminin mürəkkəbliyini öyrənməli idilər. Hərdən başqa səfirliklərdən həmkarlar gəlib azərbaycanlı diplomatlardan Konqreslə necə işləməyə dair məsləhət istəyirdilər. Siyasi danışıqlarla yanaşı, səfir Hafiz Paşayev həm də, xalqının mədəniyyətini, tarixini, zəngin irsini, onun ümidlərini və arzularını, sözünü amerikalılara çatdırmalı idi.
Son çıxışında səfir, bir daha Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xalqının sözünü çatdırmışdır: “Ermənistan və Dağlıq Qarabağdakı separatçılar anlamalıdırlar ki, Azərbaycan suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəkdir”.
Hafiz Paşayev demişdir: “Əgər biz öz problemlərimizi həll etməsək, başqaları gəlib onları bizim müstəqilliyimiz bahasına həll edəcəkdir. Daim keçmişə baxan insanlar gələcəyi görə bilməzlər. Dağlıq Qarabağ münaqişəsi ərazi iddialarından və keçmişlə yaşamaqdan yaranıbdır. Halbuki, Qərbin Yaponiya və Almaniya ilə uzunmüddətli uğurlu əməkdaşlığına baxanda bu müttəfiqlərin nə vaxtsa bir-birinə qarşı dəhşətli müharibədə vuruşduqlarına inanmaq çətindir”.
Sonda Hafiz Paşayev mühüm tarixi mərhələdə ölkəmizi dünyanın nüfuz mərkəzində təmsil etməyi ona etibar və həvalə edən Azərbaycan prezidentlərinə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, bu yaxınlarda Hafiz Paşayevin ingilis dilində “Racing Uphill” kitabı çapdan çıxacaqdır. Kitabda son 13 il ərzində Azərbaycanın Konqresdə geniş tanınması istiqamətində aparılan siyasi mübarizəyə dair məqalələr və fikirlər əksini tapmışdır.