Səfir Sarit Çarungvat: Azərbaycan Cənubi Qafqazda Tailandın vacib tərəfdaşıdır
Bakı, 14 iyun, AZƏRTAC
Tailandın Azərbaycanda akkreditə olunmuş Türkiyədəki səfiri Sarit Çarungvat Bakıda keçirdiyi görüşlər çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub.
BAMF-ın sədri Umud Mirzəyevlə görüşdə Azərbaycanla Tailand arasında əlaqələrin hazırkı səviyyəsi, ticari-iqtisadi və turizm əlaqələrinin inkişafı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlərlə bağlı məsələlər müzakirə edilib.
Səfir Sarit Çarungvat Azərbaycanda 3 dəfə olduğunu və cari səfərinin həm də Bakıda keçiriləcək “Formula-1” yarışlarını izləməklə əlaqədar olduğunu vurğulayıb. Diplomat bildirib ki, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazda Tailandın vacib tərəfdaşıdır. O, eyni zamanda, deyib ki, tailandlılar Azərbaycana Avropaya bir qapı kimi baxır. Ona görə də gələcəkdə mütləq Azərbaycanda diplomatik nümayəndəliyin açılmasını nəzərdə tuturlar.
Görüşdə BAMF-ın sədri Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin ağır nəticələri və bu nəticələrin aradan qaldırılmasında Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə məlumat verib. Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini vurğulayan BAMF-ın sədri Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb.