Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib
Bakı, 22 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib. Mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Z.İbrahimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işlərini diqqətə çatdıraraq 33 min şəxsin artıq həmin tədbirlərlə əhatə olunduğunu bildirib.
Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam edir. Onlardan artıq 1900 mənzil həmin kateqoriyadan olanlara təqdim edilib. İndiyədək isə 11 min 100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq Sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin həmin kateqoriyalardan olanlara verilməsini nəzərdə tutur.
Vətən Müharibəsi Qəhrəmanlarının, şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.
F.Rzaquliyev bildirib ki, möhtəşəm Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə mənzillərin təqdim edilməsinə həsr olunan bu tədbir dövlətimizin hər zaman bu kateqoriyadan olan vətəndaşların yanında olduğunu, onlara dəstək göstərildiyinin daha bir sübutudur.
Mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunduqlarına, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.