Şəhid Araz Seyfullayevin doğum günü qeyd olunub
Masallı, 28 may, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərinin şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Araz Seyfullayevin doğum günü münasibətilə anım mərasimi keçirilib.
Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə məktəb rəhbərliyi, şəhidin ailə üzvləri və döyüşçü dostları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid Araz Seyfullayev haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edənlər şəhid Araz Seyfullayevin qısa, şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, A.Seyfullayev 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb. İgid döyüşçü ötən il sentyabrın 27-də erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Oktyabrın 7-də Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi Masallı şəhər Digah qəbiristanlığında torpağa tapşırılıb. O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Anım tədbirində çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində yüzlərlə masallılı gənc könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda savaşa atıldı, Araz kimi oğullarımız sayəsində Zəfər tarixini yazdıq. Qazandığımız böyük Zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımıza, onların valideynlərinə, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdarıq.
Vətən müharibəsinin iştirakçıları Aslan Əzizov və Tərlan Adıgözəlov döyüş xatirələrini bölüşüblər.
Şəhid Araz Seyfullayevin anası Günay Seyfullayeva, şəhid Cavad İbadovun anası Rəsmiyyə İbadova tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən oğulları ilə fəxr etdiklərini söyləyiblər.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Anım mərasiminin sonunda şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək düzülüb, ruhuna dualar oxunub.