İDMAN
Şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnirə yekun vurulub
Lənkəran, 28 avqust, Səxavət Quliyev, AZƏRTAC
Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin benç-press yarışlarında Allahşükür Gənciyev (70 kq), İslam Cəfərov (80 kq), Toğrul Əsədullazadə (90 kq) və Tural Orucov (100 kq) uğurla çıxış edərək birinci yeri tutublar.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, şəhid E.Qurbanov Azərbaycan Stronqmen Federasiyasının (ASF) nümayəndəsi olub və güc idman növlərinin Cənub bölgəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində taqım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.