Şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi başlayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xarıbülbül” düşərgəsinə start verilib.
Gənclər Təşkilatından AZƏRTAC-a bildirilib ki, düşərgə iştirakçıları ilk olaraq Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucaldılmış abidəni - Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şəhid olduğu ilk yerlərdən birini ziyarət ediblər.
Sonra Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə düşərgə iştirakçıları ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Həcər Mahmudova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul əməkdaşı Fidan Məmmədli iştirakçılara düşərgə proqramı haqqında ətraflı məlumat verib, uğurlar arzulayıblar. Bildirilib ki, artıq üçüncü ildir təşkil olunan düşərgənin keçirilməsində məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.
Çıxışlarda “Xarıbülbül” şəhid və qazi övladlarının payız düşərgəsinin Anım Günü ərəfəsində keçirilməsinin böyük rəmzi məna daşıdığı, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlətimiz tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi bildirilib. Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman vətən övladlarının yadigarları hər birimiz üçün əmanətdir. Onların inkişafına töhfə vermək əsas məqsədlər sırasındadır.
Görüşdən sonra düşərgə iştirakçıları Füzuli şəhərinə ekskursiya edərək, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Eyni zamanda, düşərgənin ilk günündə iştirakçılar üçün müxtəlif oyunlar, yarıdıcılıq üzrə master-klasslar təşkil olunub.
Qeyd edək ki, dörd gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndi şəhərinə ekskursiyalar, yenicə fəaliyyətə başlamış Qarabağ Universitetinə infotur, Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhurların iştirakı ilə görüşlər, intellektual oyunlar, şəxsi və komanda inkişafı yönümlü təlimlərin keçirilməsi nəzərdə tutulub.