Şəhidin adına tikilən bulağın açılışı olub
Kürdəmir, 11 dekabr, AZƏRTAC
Kürdəmirin Atakişili kəndində şəhid Zaur Kərimovun adına tikilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Zaur Kərimov rayonun Atakişili kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Xidmətini Lerik rayonunda, Sərhəd Qoşunlarında başa vurduqdan sonra qəlbində bəslədiyi hərbçi sevgisi onu yenidən ordu sıralarına gətirib. O, Bərdə şəhərində hərbi kurs keçib. Kursu uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Sentyabrın 27-də Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatı başlayanda Zaur da ön cəbhəyə yollanır, döyüşlərdə snayperçi və kəşfiyyatçı kimi böyük şücaətlər göstərir, düşmənin 30-a yaxın canlı qüvvəsini və texnikası məhv edir.
Qeyd edək ki, Zaur Kərimov XTQ-nin döyüşçüsü kimi Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edib və düşmənlə üz-üzə gələrək onların ağır itki verməsində xüsusi rolu olub. Zaur Kərimov sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanır və şəhidlik zirvəsinə ucalır.
Zaurun anası Dilşad Kərimova oğlunun lap uşaqlıqdan hərb sənətinə maraq göstərdiyini, özü də Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istədiyini deyərək, onun bu qüvvələrin sırasında döyüşdüyünü yalnız şəhid olduqdan sonra bildiyini söyləyib. Vaxtilə şəhidin müəlliməsi olan Sevinc Əzimova deyir ki, Zaur uşaqlıqdan mərd, cəsur, tərbiyəli, vətənpərvər uşaq olub. Şəhidin qardaşı Anar Kərimov isə qardaşı ilə fəxr etdiyini və onunla qürur duyduğunu söyləyib.
Qeyd edək ki, Zaur Kərimov ailədə üç qardaşın ortancılı idi və hələ evlənməmişdi. Vətən müharibəsində qəhrəmancasına şəhid olan XTQ-nin snayperçisi və kəşfiyyatçımız Zaur Kərimovun nəşi oktyabrın 28-də Kürdəmirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Kənd sakinlərinin təşəbbüsü ilə şəhidin adını əbədiləşdirmək üçün doğulduğu Atakişili kəndində onun adına bulaq tikilib. Bu gün istifadəyə verilən bulağın açılış mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, kənd sakinləri iştirak edib. Çıxışlarda şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd olunub.