ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen sentyabrın 29-da Şəhidlər xiyabanını da ziyarət etmişdir.
Burada Finlandiya dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Finlandiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Finlandiya Prezidenti Tarya Halonen Şəhidlər xiyabanının Xatirə kitabına ürək sözlərini yazdı.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi barədə ətraflı məlumat verdi.