Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün tövsiyələrini veriblər.
Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.