Səhiyyə Nazirliyinin nümayəndələri ÜST-nin Moskvada keçirilən toplantısında iştirak ediblər
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 18-19-da Rusiyanın paytaxtı Moskvada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısını keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”ndə təşkil olunan tədbirdə 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli nümayəndə heyəti, həmçinin RF-nin Səhiyyə və Təhsil nazirliklərinin, FDMQ “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”nin, ÜST-nin Avropa Regional Ofisi, SHE (School Health Education, Sağlamlığı təşviq edən məktəblər) şəbəkəsinin katibliyi iştirak ediblər.
ÜST-nin layihəsinin yekun toplantısında ölkəmizi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Sağlamlığı təşviq edən məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri İnarə Makayeva və mərkəzin həkim-metodisti Sevinc Zeynallı təmsil ediblər.
Konfrans layihədə iştirak edən 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində məktəb səhiyyə xidmətlərinin öyrənilməsinin nəticələrinin nəzərdən keçirilməsi, təkmilləşdirilməsi üçün sahələrin müəyyən edilməsi, yaxşı təcrübə mübadiləsi, ÜST-nin Avropa Regionu ölkələrində daha da istifadə etmək üçün onu təkmilləşdirmək məqsədilə milli məktəb səhiyyə sistemlərini qiymətləndirmək üçün sorğudan istifadə təcrübəsinin öyrənilməsi, əsas tövsiyələrin əlaqələndirilməsi məqsədilə keçirilir.
Yekun toplantıda 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin nümayəndələri tədqiqat nəticələrini bölüşüblər və növbəti addımları müzakirə ediblər.
Qeyd edək ki, 2020-ci ildə ÜST-nin Avropa və Rusiya Federasiyası üzrə Regional Ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində (Şərqi Avropa və Mərkəzi Asiyada məktəb təbabəti şəbəkəsinin inkişaf etdirilməsi üzrə Rusiya-ÜST layihəsinin bir hissəsi kimi) milli məktəb sağlamlıq sistemlərinin qiymətləndirilməsi üçün araşdırmaya başlayıb. Tədqiqatın məqsədi ölkələrə mövcud milli tənzimləyici çərçivələrin qiymətləndirilməsində, eləcə də onların keyfiyyətinin yaxşılaşdırılmasında məktəblərdə səhiyyə xidmətlərinin göstərilməsinə dəstək olmaqdır.