Səhnə prodüser mərkəzi laçınlıların qonağı olub
Bakı, 16 sentyabr, AZƏRTAC
1 Səhnə prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən Səhnə teatrı Səhnə Tv ilə birlikdə hazırladığı proqramla laçınlıların qonağı olub.
Bu barədə AZƏRTAC-a mərkəzinin direktoru Elçin Hacı məlumat verib.
Onun sözlərinə görə, proqrama Laçın folkloru əsasında hazırlanmış “Laçın lətifələri” (Prodüser Elçin Hacı, səhnələşdirən Xaqani Əliyev, rejissor Elşad Rəhimzadə) tamaşası, Elşad Rəhimzadənin təqdimatında kukla şousu və Laçın bölgəsinin tarixinə, abidələrinə, xalçalarına və qəhrəmanlarına həsr edilmiş xronoloji videotəqdimatlar daxil idi. Məxsusi olaraq laçınlılar üçün hazırlanmış tamaşa və videotəqdimatlar ilk dəfə olaraq göstərilirdi.
“Səfərimiz üç gün davam etdi. Kukla şousu uşaqlarda xüsusi maraq oyatdı. Məhz Laçının folkloruna müraciət etdiyimizi ürəkdən bəyənən və alqışlarla qarşılayan tamaşaçılar daha bir proqramla bizi gözləyəcəklərini bildirdilər”,-deyə E.Hacı bildirib.