Şəki 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən növbəti uğur
Şəki, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqının və Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin dəstəyi ilə Bakıda keçirilən “Payız əfsanələri 2021” İncəsənət müsabiqəsində uğurla çıxış edərək, müsabiqənin laureatı adını qazanıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edilən müsabiqənin yekun nəticələrinə görə, məktəbin fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Şəmsiyyə Əskərli, 4-cü sinif şagirdi Sona Həsənli və 5-ci sinif şagirdi Nübar Əbdürəhmanova öz yaş qrupları üzrə müsabiqənin laureatı adını qazanıblar. Bundan əlavə, məktəbin tar ixtisası üzrə 4-cü sinif şagirdi İlkin Lətifov üçüncü yerə, 6-cı sinif şagirdi Cəmilə Yunusova və 7-ci sinif şagirdi Günel Nəsibli isə müsabiqənin diplomlarına layiq görülüblər.