CƏMİYYƏT
Şəkidə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
![](/files/galleryphoto/2023/2/1200x630/16865684884111933972_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16865684882377950822_1200x630.jpeg)
Bakı, 12 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Şəki şəhərinin B.Vahabzadə küçəsində fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində yoxlama aparılıb.
Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, o cümlədən çirklənməyə qarşı müdafiənin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün münasib şəraitin yaradılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otağı ilə təmin edilmədiyi də aşkarlanıb. Çörək sexində istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq, temperaturu müəyyən edən cihazın quraşdırılmadığı müəyyən edilib. Obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.