Şəkinin Köndələn kənd tam orta məktəbi üçün yeni bina tikiləcək
Şəki, 14 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Şəkinin Köndələn kənd tam orta məktəbi 1936-cı ildə tikilən uyğunlaşdırılmış binada yerləşir. Hazırda məktəb binası qəzalı vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki rayon Təhsil sektorunun tabeliyində 96 məktəb, 61 məktəbəqədər təhsil və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Köndələn kənd tam orta məktəbi də onlardan biridir.
Valideynlərin sözlərinə görə, bu təhsil ocağı indiyədək təmir və ya bərpa edilməyib. Zaman-zaman baş verən zəlzələlər və digər tektonik hadisələr nəticəsində məktəb qəzalı vəziyyətə düşüb.
Kənd sakini Möhübbət Mustafayev bu təhsil ocağının yetirməsidir. Onun iki övladı da Köndələn kənd məktəbini bitirib və hər ikisi yüksək balla ali məktəblərə daxil olub. O da məktəb binasında siniflərin qəzalı və təhlükəli olduğunu bildirir. Onun kimi xeyli valideyn uşaqlarını digər məktəblərə yönləndirib. Kənd sakini qeyd edib ki, bu məktəbin yetirmələri sırasında ölkəmizin müxtəlif sahələrində yüksək vəzifə tutan insanlar az deyil. Möhübbət Mustafayev Köndələn məktəbi üçün yeni binanın inşasının vacib olduğunu vurğulayıb.
Məktəbin qarşısında nəvələrini gözləyən digər kənd sakini Təzəgül Məmmədova da təhsil ocağının qəzalı vəziyyətdə olduğunu söyləyib, yeni məktəb binasının tikilməsinin zəruri olduğunu dilə gətirib: “Müəllimlərimiz yaxşıdır, onlardan narazılığımız yoxdur. Uşaqlarımızı yaxşı öyrədirlər. Amma məktəb binası yararsızdır, uşaqlara şəraitsiz məktəbdə oxumaq çətindir. Yeni bina tikilsə yaxşı olar”.
Bu təhsil ocağında 450-dən çox şagird təhsil alır. Ötən buraxılış ilində 11-cilərin 50 faizi ali məktəblərə qəbul olunub. Bununla yanaşı, iki il əvvəl məktəbin şagirdi Respublika Fənn Olimpiadasında gümüş medal qazanıb, ötən il isə daha iki şagird eyni Olimpiada uğurlu nəticə göstərib.
Mövzu ilə əlaqədar Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, son iki ildə Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-dən çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib. Yeni tədris ilində İdarənin tabeliyində fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur. Həmçinin də sözügedən Şəki rayon Köndələn kənd tam orta məktəbin binası sökülərək yenidən tikiləcək.